Bəzi axşam vərdişləri uzunmüddətli perspektivdə insult riskini artıra bilər. Bu barədə dietoloqlar Liz Vays və Rozanna Rast Eating Well nəşrinə açıqlama veriblər.
Vaysın sözlərinə görə, axşam saatlarında duzlu qidaların – pizza, yarımfabrikat ət məhsulları və hazır yeməklərin müntəzəm qəbulu damar sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə yüksək qan təzyiqi və duza həssaslığı olan insanlarda natriumla zəngin qidalar təzyiqə nəzarəti çətinləşdirə bilər.
Mütəxəssis axşam yeməyi üçün natrium miqdarı az olan qidalara üstünlük verməyi, həmçinin şirniyyat və şəkərli içkilərin qəbulunu azaltmağı tövsiyə edib. Onun sözlərinə görə, şəkərin həddindən artıq qəbulu zamanla insult, hipertoniya, piylənmə və ikinci tip diabet riskini artıra bilər.
Vays həmçinin iş günündən sonra bütün axşamı divanda keçirməyin ürək-damar sağlamlığı baxımından əlverişsiz olduğunu bildirib.
Rozanna Rast isə yatmazdan əvvəl spirtli içki qəbul etmək vərdişindən çəkinməyi məsləhət görüb. Onun sözlərinə görə, spirt qan təzyiqini yüksəldə, damarların vəziyyətinə təsir göstərə, iltihabı artıra və yuxunu poza bilər.

