Dərinin sağlam və gənc qalması üçün orqanizmi müəyyən məhsulların tərkibində olan vacib mikroelementlərlə təmin etmək lazımdır.
Bunu RT-yə açıqlamasında dermatoloq-kosmetoloq İrina Kotova bildirib.
Həkimin sözlərinə görə, qidalanma həm dərinin vəziyyətini yaxşılaşdıra, həm də ona mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, dəridə yaşla bağlı dəyişikliklərin minimuma endirilməsi və kollagen sintezi üçün orqanizmdə kifayət qədər dəmir, maqnezium, C vitamini və zülal olmalıdır.
Əgər söhbət sızanaqların müalicəsindən gedirsə, bu zaman A vitamini vacib hesab olunur.
Quruluğun aradan qaldırılması və damarların vəziyyətinin yaxşılaşdırılması üçün isə omeqa-3 yağ turşuları və C vitamini tələb olunur. Dermatoz zamanı isə B qrupu vitaminlərinin balansı önəm daşıyır.
Balanslı və müxtəlif qidalanma dəriyə müsbət təsir göstərir. Çox vaxt insanlar düzgün qidalanma naminə eyni qidaları yeyirlər. Bu isə gözəlliyə gətirib çıxarmır, — deyə həkim vurğulayıb.
Həkim kifayət qədər su içməyin vacibliyini də qeyd edib. Antioksidantlarla zəngin olan yaşıl çayın dəriyə müsbət təsir göstərdiyi bildirilib.
Bundan əlavə, rasionda kifayət qədər mürəkkəb karbohidratlar, zülal və lif olmalıdır. Xüsusilə qırmızı ət və dəniz məhsullarının qəbul edilməsi tövsiyə olunur.
Dermatoloq bildirib ki, heyvani zülal yalnız dəri üçün deyil, saç və dırnaqların sağlamlığı üçün də vacibdir.
Mikroelementlərin mənimsənilməsi və mədə-bağırsaq sisteminin sağlamlığı üçün lif böyük əhəmiyyət daşıyır. Bu baxımdan tərəvəz və meyvələrin qəbulu tövsiyə edilir.
Bununla yanaşı, şirniyyatlar, qlüten və sadə karbohidratlar dərinin vəziyyətinə mənfi təsir göstərir. Həkimin sözlərinə görə, bu məhsullar bağırsaq və dəridə iltihab proseslərinə səbəb ola bilər.
Sızanaq problemi olan insanlara tam süd məhsullarından uzaq durmaq tövsiyə olunur. Allergiyası olan şəxslər isə pomidor, xiyar və digər rəngli məhsullardan çəkinməlidirlər.
Həkim əlavə edib ki, hisə verilmiş məhsullar, marinadlar, spirtli içkilər və acı yeməklər də dərinin vəziyyətinə pis təsir edir.

