Gecə yarısından sonra yatmaq vərdişi öz-özlüyündə sağlamlıq problemlərinə səbəb olmaya bilər. Somnoloq Roman Buzunov bu barədə sosial şəbəkə hesabında danışıb.
Mütəxəssisin sözlərinə görə, yuxu rejimi sabit olduğu halda orqanizm müxtəlif yuxu qrafiklərinə uyğunlaşa bilir.
Buzunov buna misal olaraq ciddi qrafiklə yaşayan kosmonavtları göstərib. Orbitdə Yer kürəsindəki kimi adi gecə-gündüz ritmi olmadığından onların sirkadiyalı ritmləri süni işıqlandırmaya uyğunlaşdırılır.
“Gecə saat 2-də də rahatlıqla yatmaq olar və hormonlar bu rejimə uyğunlaşacaq”, – həkim bildirib.

Somnoloqun sözlərinə görə, əksinə, insanın öyrəşdiyi yuxu saatını davamlı şəkildə dəyişdirməyə çalışması yuxuya getməkdə çətinlik yarada bilər. O, adətən gecə saat 2-də yatıb səhər saat 10-da oyanan, lakin yatmaq vaxtını 23:00-a çəkməyə çalışdıqdan sonra yuxu öncəsi narahatlıq yaşayan pasiyentini nümunə göstərib.
Həkim hesab edir ki, əsas məsələ müntəzəm yuxu qrafikinə riayət etmək, qaranlıq şəraitdə yatmaq və oyaq vaxtlarda kifayət qədər işıq almaqdır.

