Dietoloq Maya Feller menopauza dövründə qadınların qidalanmada ən çox yol verdiyi səhvləri açıqlayıb.
Everyday Health nəşrinə danışan mütəxəssis bildirib ki, bu dövrdə zülaldan həddindən artıq istifadə etmək düzgün deyil. Onun sözlərinə görə, artıq protein qəbizlik yarada, böyrəklərə əlavə yük sala və digər qida maddələrinin çatışmazlığına səbəb ola bilər.
Feller gündəlik zülal normasını hər kiloqram bədən çəkisinə 1,2–1,6 qram hesabı ilə müəyyən etməyi tövsiyə edib.
Dietoloq ikinci böyük səhv kimi karbohidratlardan tamamilə imtinanı göstərib. Onun sözlərinə görə, çörək, makaron və meyvə kimi karbohidrat mənbələrinin tam kəsilməsi əzələ kütləsinin azalmasına səbəb ola bilər.

“Orqanizm karbohidratları enerji mənbəyi kimi istifadə edir. Karbohidrat çatışmadıqda isə bədən əzələ toxumasını parçalayaraq ondan enerji almağa başlayır”, – deyə mütəxəssis bildirib.
Feller əlavə edib ki, faydalı karbohidratların qəbulu menopauza zamanı isti basmaları, yuxu problemləri və əhval dəyişikliklərinin azalması ilə əlaqələndirilir.
Mütəxəssisin sözlərinə görə, menopauza dövründə qadınlar gündə ən azı 120 qram karbohidrat qəbul etməli, lif, vitamin və minerallarla zəngin, şəkər, duz və yağ miqdarı az olan qidalara üstünlük verməlidirlər.

