Ətin qəbulundan imtina dəmir, B12 vitamini və digər vacib maddələrin çatışmazlığına səbəb ola bilər, – deyə diyetoloq, terapevt, tibb elmləri namizədi, Qidalanma və Biotexnologiya Federal Tədqiqat Mərkəzinin immunologiya laboratoriyasının elmi əməkdaşı Tatyana Solntseva aif.ru saytına verdiyi müsahibədə bildirib.
Həkimin sözlərinə görə, xüsusilə yaşlılıq dövründə heyvani zülaldan imtina etmək çox zərərlidir.

“Yaşlılıq dövründə ətdən imtina etmək olmaz. O, təkcə yaxşı mənimsənilən tam dəyərli zülal mənbəyi deyil, həm də qan yaranması prosesləri üçün vacib olan dəmir və B12 vitamininin mənbəyidir,” – deyə həkim qeyd edib.
Onun sözlərinə görə, ət orqanizmdə yaşla bağlı dəyişiklikləri ləngitməyə və əzələ kütləsini qorumağa kömək edir. Həkim həmçinin bildirib ki, təbii əzələ itkisi artıq 35–45 yaşlarında başlaya bilər.

