Yuxusuzluğun koqnitiv-davranış terapiyası yaşlı insanlarda orqanizmin bioloji qocalmasını ləngidə bilər. Bu nəticəyə Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri gəliblər.
Araşdırmanın nəticələri The Lancet Healthy Longevity jurnalında dərc olunub.
Tədqiqatda yuxusuzluqdan əziyyət çəkən 60 yaşdan yuxarı şəxslər iştirak edib. Ümumilikdə 291 nəfər koqnitiv-davranış terapiyası və ya sağlam yuxu qaydaları üzrə təlim qruplarına bölünüb. Bioloji qocalmanın təhlilinə isə təxminən 100 iştirakçının məlumatları daxil edilib.
Koqnitiv-davranış terapiyası yuxu dərmanlarının qəbulunu nəzərdə tutmur. Terapiya zamanı mütəxəssis insanın yuxuya getməsinə mane olan vərdişləri, davranışları və düşüncə tərzini dəyişməyə kömək edir.

Alimlər iki il ərzində iştirakçıların qan nümunələrini analiz edərək DNT-dəki dəyişikliklər əsasında bioloji qocalma sürətini ölçüblər.
Nəticələr göstərib ki, yalnız sağlam yuxu ilə bağlı ümumi tövsiyələr alan şəxslərdə zaman keçdikcə qocalma göstəriciləri artıb. Koqnitiv-davranış terapiyası keçən iştirakçılarda isə bioloji qocalmanın tempi daha aşağı olub.
Tədqiqatçılar hesab edirlər ki, yuxunun yaxşılaşması xroniki iltihabı və orqanizmin stress sistemlərinə düşən yükü azalda, bununla da hüceyrələrin zədələnməsini ləngidə bilər.

