Kolbasa, sosiska və digər emal olunmuş ət məhsullarının yüksək temperaturda uzun müddət bişirilməsi sağlamlıq üçün zərərli maddələrin yaranmasına səbəb ola bilər.
Bu barədə Agro and Food Communications şirkətinin idarəedici tərəfdaşı, aqrar sahə üzrə ekspert İlya Bereznyuk RT-yə müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, natrium nitrit (E250) ət emalı sənayesində geniş istifadə olunur. Bu maddə kolbasa, sosiska, hisə verilmiş ət və digər məhsulların istehsalında mühüm rol oynayır.
E250 ət məhsullarına xarakterik çəhrayı rəng verir, oksidləşmənin qarşısını alır və botulizmə səbəb olan bakteriyaların inkişafını məhdudlaşdırır.
Bereznyuk bildirib ki, natrium nitriti yalnız zərərli maddə kimi qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, istehsalda çox vaxt təmiz natrium nitrit deyil, tərkibində bu maddənin miqdarı 0,5–0,9 faizdən çox olmayan xüsusi duz qarışıqlarından istifadə edilir.
Ekspert vurğulayıb ki, E250-nin qida məhsullarında istifadəsi müəyyən təhlükəsizlik normaları ilə tənzimlənir. Lakin bəzi hallarda onun iştirakı ilə arzuolunmaz kimyəvi birləşmələr yarana bilər.
Əsas risk ət məhsullarının yüksək temperaturda uzun müddət qızardılması zamanı nitrozamin adlanan maddələrin əmələ gəlməsi ilə bağlıdır. Bu birləşmələrin bəziləri kanserogen xüsusiyyətlərə malikdir.
Bereznyukun sözlərinə görə, xüsusilə bekon, vetçina və digər emal olunmuş ət məhsullarının yanmış, tünd qabıq əmələ gələnədək qızardılmasından çəkinmək lazımdır.
Bununla belə, ekspert E250 tərkibli məhsulları ümumiyyətlə qızdırmamağın vacib olmadığını bildirib.

«Bişmiş kolbasa və sosiskaları qızdırmaq və ya qaynatmaq olar. Lakin onların həddindən artıq qızardılmasından və yanmasından çəkinmək lazımdır», – deyə mütəxəssis tövsiyə edib.
Ekspert qeyd edib ki, ət məhsullarının düzgün temperaturda hazırlanması arzuolunmaz kimyəvi maddələrin yaranma ehtimalını azaltmağa kömək edir.

