Dietoloq Elvira Beleva miqreni tətikləyə bilən qidaları açıqlayıb. Bu barədə o, UfaTime.ru-ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, baş ağrısının əsas səbəblərindən biri alkoqoldur, xüsusilə də qırmızı şərab. Onun tərkibində olan sulfatlar və histamin baş ağrısını gücləndirə bilər. Histamin allergenlərə cavab olaraq ayrılan siqnal molekuludur və şişkinlik, qızartı ilə yanaşı baş ağrısına səbəb ola bilər.
Beleva əlavə edib ki, miqren tutmasını emal olunmuş ət məhsulları da yarada bilər — kolbasa, sosiska, bekon, vetçina, hisə verilmiş və konservləşdirilmiş qidalar. Bu məhsullarda olan nitritlər, nitratlar və natrium qlutamat baş ağrısını tətikləyir.

Həkim qeyd edib ki, miqren qəhvə ilə də əlaqəli ola bilər. Həm onun həddindən artıq qəbulu, həm də birdən-birə imtina olunması tutmaya səbəb ola bilər. Bundan əlavə, şokolad və süni şirinləşdiricilər də baş ağrısını artıra bilər.
Elvira Beleva vurğulayıb ki, miqreni olan insanlar bu məhsullara qarşı reaksiyalarını diqqətlə izləməli və əgər baş ağrısı yaranırsa, onları rasiondan çıxarmalıdır.

