Şəkərli diabetdən əziyyət çəkən insanların sayının artması oturaq həyat tərzi və qidalanmada sadə karbohidratların çoxluğu ilə əlaqələndirilir.
Bu barədə tibb elmləri namizədi, endokrinoloq İrina Skoroqudayeva NSN-ə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, uşaq və gənclər əvvəlki illərlə müqayisədə daha az hərəkət edir, idmana daha az vaxt ayırır və günlərinin böyük hissəsini kompüter qarşısında keçirirlər.
«Uşaqlar əvvəlki kimi fəal deyillər. İdmanla daha az məşğul olur, evdə kompüter qarşısında daha çox vaxt keçirirlər. Problem ondadır ki, artıq mağazaya belə getmirlər. Hər şeyi sifariş edir, taksi çağırır və ya elektrik skuterlərindən istifadə edirlər», – deyə mütəxəssis bildirib.

Endokrinoloq izah edib ki, fiziki aktivliyin azalması orqanizmin insulinə həssaslığına mənfi təsir göstərir.
Onun sözlərinə görə, əvvəlcə əzələ toxumasının insulinə həssaslığı azalır, daha sonra isə qaraciyər səviyyəsində insulinə davamlılıq yaranır.
«Əzələlər işləməli və enerji istehsal etmək üçün qlükozadan istifadə etməlidir. Gün ərzində fiziki aktivliyin olmaması bu prosesə ciddi təsir göstərir», – deyə Skoroqudayeva vurğulayıb.

