Passiv həyat tərzi motivasiya səviyyəsinin azalmasına səbəb ola bilər. Bu barədə psixoloq Olesya Pokusayeva Readovka.news portalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, məqsədlərdən imtina etmək və hərəkətsiz həyat tərzi insanın həyat keyfiyyətini pisləşdirir və zamanla apatiya vəziyyətinə gətirib çıxara bilər.
Psixoloq qeyd edib ki, insanlar gəzintilərdən və real ünsiyyətdən imtina etməməlidirlər. Onun fikrincə, bütün vaxtı evdə kompüter qarşısında və ya divanda keçirmək orqanizmdə sevinc hormonlarının azalmasına səbəb olur.
Olesya Pokusayeva əlavə edib ki, belə passivlikdən çıxmaq mümkündür. Bunun üçün ünsiyyət dairəsini dəyişmək, qadcetlərdən istifadəni məhdudlaşdırmaq və yaxın insanlarla daha çox görüşmək tövsiyə olunur. Bundan başqa, yeni hobbi tapmaq və ya idmanla məşğul olmaq da faydalıdır.

