İnsan beynində yaşla bağlı dəyişikliklər artıq 30 yaşdan sonra başlayır.
Bu barədə terapevt Larisa Kim “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, bu dövrdə insanda tez-tez maddələr mübadiləsi yavaşlayır, dəri və oynaqlar isə elastikliyini və möhkəmliyini tədricən itirməyə başlayır.
Bununla belə, mütəxəssis qeyd edib ki, müasir dövrdə 35 yaşlı insanlar bioloji baxımdan eyni yaşda olan valideynləri ilə müqayisədə daha gənc hesab olunurlar. Buna səbəb həyat keyfiyyətinin yüksəlməsidir.

“Bazal maddələr mübadiləsi hər onillikdə təxminən 1-2 faiz azalır, əzələ kütləsi azalmağa başlayır. Kollagen istehsalı zəifləyir, buna görə də dəri və oynaqlarda ilk dəyişikliklər yaranır. Hormonal fon da dəyişir: qadınlarda yumurtalıq ehtiyatı tədricən azalır, kişilərdə isə testosteron səviyyəsi yavaş-yavaş aşağı düşür”, — deyə Kim bildirib.
Onun sözlərinə görə, insan bu prosesləri çox vaxt dərhal hiss etmir. Çünki dəyişikliklər yavaş gedir və orqanizmin resursları ilə müəyyən qədər kompensasiya olunur.
Həkim vurğulayıb ki, bu mərhələdə həyat tərzi böyük rol oynayır. Keyfiyyətli yuxu, hərəkətlilik, düzgün qidalanma, xroniki stressdən uzaq durmaq, təzyiq və şəkərə nəzarət sağlam qocalma prosesinə təsir edən əsas amillər sırasındadır.
Kim əlavə edib ki, 30 yaşdan sonra toxumaların insulinə həssaslığı da zəifləyə bilər. Eyni zamanda yeni informasiyanın emal sürəti bir qədər azalır.
Lakin mütəxəssis bildirib ki, təcrübə, analitik düşünmə və söz ehtiyatını əhatə edən “kristallaşmış intellekt” yaş artdıqca inkişaf etməyə davam edir.

