Payız aylarında orqanizm xüsusilə əlavə dəstəyə ehtiyac duyur. Bunun üçün isə mütləq bahalı vitamin və əlavələrə üz tutmaq lazım deyil. Araşdırmalar göstərir ki, gündəlik qida rasionuna daxil edilə biləcək bəzi sadə məhsullar da orqanizmə nəzərəçarpacaq fayda verə bilər.
Mütəxəssislər payız rasionuna daxil edilməsini tövsiyə etdikləri üç məhsulu açıqlayıblar. Bu barədə aif.ru-ya biokimyaçı və nutrisioloq Anna Divinskaya bildirib.
“İmmuniteti elektrik lampası kimi bir anda işə salan hər hansı məhsul mövcud deyil. Lakin elə qidalar var ki, onların istifadəsindən sonra analizlərdə ölçülə bilən dəyişikliklər müşahidə olunur”, – deyə ekspert qeyd edib.
Turşu kələm
Sübut edilmiş faydaları baxımından turşu kələm ön sıralardadır. Stanford Universitetində aparılan araşdırma zamanı fermentləşdirilmiş məhsulların istifadəsinin bağırsaqdakı bakteriyaların müxtəlifliyini artırdığı və qanda 19 iltihab zülalının səviyyəsini azaltdığı müəyyən edilib. Lifli qidalarda isə eyni effekt müşahidə olunmayıb.

Ekspert bildirib ki, turşu kələm seçərkən onun sirkəsiz, yalnız duzla hazırlanmasına və pasterizə edilməməsinə diqqət yetirmək lazımdır. Bu, məhsuldakı canlı bakteriyaların qorunmasına imkan verir.
Şiitake göbələyi

Şiitake ilk baxışdan gözlənilməz seçim təsiri bağışlasa da, immun sistemi baxımından faydalı məhsullardan biri hesab olunur.
Florida Universitetinin araşdırmasına əsasən, bir ay ərzində hər gün 5–10 qram qurudulmuş şiitake göbələyi yemək sürətli reaksiya verən immun hüceyrələrinin və ağız suyundakı qoruyucu anticisimlərin sayını artırıb. Eyni zamanda, iltihab göstəricilərindən biri olan C-reaktiv zülalın səviyyəsində azalma müşahidə edilib.
Mütəxəssis şiitake göbələyini bişmiş halda – qaynadaraq, pörtlədərək və ya qızardaraq istifadə etməyi məsləhət görür. Çiy şiitake bəzi hallarda dəridə səpkilərə səbəb ola bilər.
Yağlı balıq
Payız və qış aylarında günəş şüalarının azalması fonunda D vitamini çatışmazlığı daha çox müşahidə olunur. Yağlı balıq isə bu vitaminin təbii mənbələrindən biridir.

Mütəxəssislər yağlı balığın həftədə 2–3 dəfə rasiona daxil edilməsini tövsiyə edirlər. Bununla yanaşı, analizlərin nəticələrinə əsasən həkim tərəfindən D vitamini əlavələrinin təyin edilməsi də lazım gələ bilər.
Araşdırmalara görə, D vitamini kəskin respirator virus infeksiyalarına yoluxma riskinin azalmasına kömək edə bilər.

