Payızda orqanizm mövsümi dəyişikliklərə uyğunlaşır və bir çox insan yorğunluq, halsızlıq və enerji çatışmazlığı hiss etməyə başlayır. “Gazeta.Ru” ilə söhbətində “SM-Klinika”nın endokrinoloqu və qidalanma mütəxəssisi Darya Xaykina bu dövrdə bədəni dəstəkləyən əsas məhsullar barədə danışıb.
Mütəxəssis bildirib ki, sağlamlığın əsası balanslaşdırılmış qidalanmadır. Payız rasionunda antioksidantlarla zəngin mövsümi tərəvəzlər mütləq yer almalıdır – onlar orqanizmi sərbəst radikallardan qoruyur və immun sistemi gücləndirir. Bağırsaq mikroflorasını dəstəkləyən qidalar da vacibdir — məsələn, qatı süd məhsulları və fermentləşdirilmiş tərəvəzlər.
“Turş kələm payızın ən faydalı superfood-larından biridir. O, probiotiklər və C vitamini ilə zəngindir, immuniteti möhkəmləndirir,” — deyə Xaykina qeyd edib.
Həkim həmçinin yaban mersini, quşüzümü və ya moruq kimi giləmeyvələrin tez-tez menyuya daxil edilməsini tövsiyə edib. Dondurulmuş meyvələr də əksər vitaminlərini saxlayır. Ürək və damar sağlamlığı üçün omega-3 yağ turşuları mənbələri — balıq, qoz, kətan və ya kolza yağı – xüsusilə önəmlidir.
Meyvələr içərisində heyva, armud və nar diqqətəlayiqdir. Xaykinanın sözlərinə görə, nar antioksidantlarla son dərəcə zəngindir və orqanizmin payız stressinə daha tez uyğunlaşmasına kömək edir.
Həkim əlavə edib ki, yemək yalnız faydalı deyil, həm də zövqlü olmalıdır.
“Yeməyi xoş bir mərasimə çevirin: səhəri bal və darçınlı isti heyva içkisi ilə başlayın, naharda turş kələm və kətan yağlı salat, axşam isə yoqurt və qozla bişmiş armud yeyin,” — deyə mütəxəssis məsləhət görüb.
O, sonda vurğulayıb ki, immunitetə qayğı yalnız müvəqqəti tədbir deyil, həyat tərzidir. Yeni faydalı məhsulları tədricən əlavə edin, fərqli birləşmələr sınayın və bədəninizdəki müsbət dəyişiklikləri müşahidə edin.

