Qrip və digər xəstəliklər zamanı immun sistemini dəstəkləmək üçün bəzi qidaların istehlakını müvəqqəti məhdudlaşdırmaq faydalı ola bilər.
Bu barədə preventiv tibb üzrə həkim, “Grand Clinic” klinikalar şəbəkəsinin təsisçisi və elmi rəhbəri Olqa Şuppo RT-yə bildirib.
Mütəxəssisin sözlərinə görə, qrip zamanı ilk növbədə siqaretdən və həddindən artıq spirtli içki qəbulundan imtina etmək lazımdır.
O, həmçinin xəstəlik dövründə çox yağlı, hisə verilmiş və həddindən artıq şirin qidaların qəbulunu azaltmağı məsləhət görüb. Həkimin fikrincə, belə qidalar maddələr mübadiləsinə əlavə yük yarada bilər.

Şuppo xüsusilə sadə karbohidratlarla zəngin şirniyyatların həddindən artıq qəbuluna diqqət çəkib. Onun sözlərinə görə, çoxlu şəkər istehlakı bağırsaqda göbələk mikroorqanizmlərinin həddindən artıq çoxalmasına şərait yarada və immun sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər.
“Sadə karbohidratlarla zəngin məhsulların həddindən artıq istehlakının immun müdafiəni bir neçə saat zəiflədə biləcəyini göstərən məlumatlar var”, – həkim bildirib.
Xəstəlik zamanı isə əsas diqqətin kifayət qədər maye qəbuluna, yüngül və qidalı yeməklərə yönəldilməsi tövsiyə olunur.

