Uşaqda yaxşı zövq formalaşdırmaq üçün ona nəyin “gözəl”, nəyin “pis” olduğunu diktə etmək lazım deyil. Daha vacibi uşağın müxtəlif üslubları görməsinə, müqayisə etməsinə və öz seçimlərini əsaslandırmağı öyrənməsinə şərait yaratmaqdır.
Bu prosesdə ən böyük rol valideynin şəxsi nümunəsidir. Uşaqlar böyüklərin necə geyindiyinə, hansı musiqini dinlədiyinə, nə oxuduğuna, evdə hansı əşyaları seçdiyinə və ümumiyyətlə gözəlliyə necə münasibət göstərdiyinə diqqət yetirirlər.
Uşağı erkən yaşdan kitab, musiqi, rəsm, teatr və memarlıqla tanış etmək onun estetik dünyagörüşünü genişləndirə bilər. Bunun üçün hər həftə muzeyə getmək şərt deyil. Birlikdə yaxşı illüstrasiyalı kitab oxumaq, fərqli musiqilər dinləmək, şəhərdə maraqlı binalara diqqət etmək və ya evdə rəsm çəkmək belə kifayətdir.

Əsas üsullardan biri uşağa hazır cavab vermək əvəzinə sual verməkdir: “Bu rəsmdə nə xoşuna gəldi?”, “Bu iki geyimdən hansını seçərdin və niyə?”, “Bu mahnı sənə hansı hissi verir?” Belə suallar uşaqda sadəcə seçim etmək deyil, öz zövqünü anlamaq və ifadə etmək bacarığı yaradır.
Uşağın seçimini lağa qoymaq və “sənin zövqün yoxdur” demək isə əks təsir göstərə bilər. Onun bəyəndiyi şey valideynin zövqünə uyğun gəlməsə belə, bunu müzakirə etmək daha faydalıdır. Zövq məcburiyyətlə deyil, təcrübə və maraqla inkişaf edir.

Digər vacib məqam uşağa bahalı olanla keyfiyyətli olanın eyni şey olmadığını göstərməkdir. Geyimdən mebelə, musiqidən kitaba qədər brend və qiymətdən çox materiala, uyğunluğa, funksionallığa və ideyaya diqqət etməyi öyrətmək olar.
Sosial şəbəkələr də uşağın zövqünün formalaşmasına ciddi təsir göstərə bilər. Buna görə uşağın qarşısına çıxan məzmunu tam qadağan etməkdənsə, onunla birlikdə baxmaq, reklamla real seçim arasındakı fərqi izah etmək və “hamı bunu alır” düşüncəsinə tənqidi yanaşmağı öyrətmək daha faydalıdır.
Ən əsası isə uşağa öz üslubunu tapmaq üçün yer verməkdir. Yaxşı zövq hamının eyni şeyləri sevməsi deyil. O, uşağın gözəlliyi görməsi, keyfiyyəti ayırd etməsi, seçimlərini düşünərək etməsi və fərqli zövqlərə hörmət göstərməsi ilə formalaşır.

