Valideynlər uşaqların yayda kitab oxumasına yanaşmanı yenidən nəzərdən keçirməli və bunu məcburi və yorucu vəzifəyə çevirməməlidirlər. Bu barədə NEWS.ru-ya açıqlamasında uşaq psixoloqu Aleksandra Anıkina bildirib.
Onun sözlərinə görə, ədəbiyyatdan həm fayda, həm də zövq almaq üçün böyük siyahılarla uşağı yükləmək əvəzinə, bir neçə həqiqətən maraqlı kitab seçmək daha doğrudur.
Psixoloq qeyd edib ki, bu kitabları uşaqlarla birlikdə növbə ilə ucadan oxumaq olar. Məsələn, yatmazdan əvvəl cəmi 15 dəqiqəlik oxu vərdişi kifayət edə bilər.
“Yay üçün uşaqlara çox böyük ədəbiyyat siyahısı verilir. Bu kitabları oxumaq vacibdir, amma uşağı məcbur etmək, ona təzyiq göstərmək nə dərəcədə faydalı olacaq? Daha yaxşısı bir neçə doğrudan da maraqlı kitab seçməkdir. Onları bir-birinizə növbə ilə ucadan oxumaq olar. Məsələn, yatmazdan əvvəl 15 dəqiqə”, - deyə Anıkina bildirib.
Mütəxəssis əlavə edib ki, əgər uşaq repetitorlarla məşğul olursa, yayda adətən fasilə vermək mümkündür. İstisna isə xarici dillərdir. Onun sözlərinə görə, dil öyrənmədə müntəzəmlik çox vacibdir.
Anıkina bildirib ki, əgər dərslər uşağa ümumilikdə xoş təsir bağışlayırsa, onları yayda tam dayandırmaq əvəzinə, sadəcə məşğələlərin sayını azaltmaq olar.

