Gündəlik ünsiyyətdə ən çox eşitdiyimiz suallardan biri budur: “Necəsən?” Cavab isə çox vaxt eyni olur: “Normal.” Halbuki bu qısa sual bəzən sadəcə nəzakət forması, bəzən isə real söhbətin başlanğıcı ola bilər.
Halva Media bu suala fərqli vəziyyətlərdə necə cavab verməyin mümkün olduğunu yazıb. Əsas məsələ cavabın kimə, harada və hansı münasibət çərçivəsində verilməsidir.
Əgər sualı iş yoldaşı, tanış və ya çox yaxın olmadığınız biri verirsə, qısa və neytral cavab kifayətdir. Məsələn: “Yaxşıyam, sağ ol”, “Hər şey qaydasındadır”, “İşlər gedir” kimi ifadələr həm nəzakətli, həm də sərhədli səslənir.
Daha yaxın insanla danışanda isə cavabı bir qədər səmimi etmək olar. Məsələn: “Bir az yorğunam, amma yaxşıyam”, “Son günlər çox işim var, amma özümü toparlayıram”, “Əhvalım qarışıqdır, amma keçəcək” kimi cavablar söhbəti daha real və insani edir.
Bəzən isə insan uzun izah vermək istəmir, amma “normal” da demək istəmir. Belə hallarda yumşaq və zarafatlı cavablar kömək edə bilər: “Həyatla danışıqlar aparıram”, “Stabil xaosdayam”, “Yaşayıram, bu da uğurdur”, “Plan üzrə yorğunam”.
Sualı çox yaxın biri verirsə, bu artıq sadəcə nəzakət yox, dəstək istəyi də ola bilər. Belə anda daha açıq danışmaq mümkündür: “Düzü, bu gün bir az çətinəm”, “Danışmağa ehtiyacım var”, “Yaxşı görünürəm, amma içimdə çox şey var”.
Ən vacibi odur ki, “Necəsən?” sualına cavab verərkən insan özünü məcbur hiss etməsin. Hər kəsə hər şeyi danışmaq lazım deyil. Bəzən qısa cavab kifayətdir, bəzən isə səmimi bir cümlə uzun və vacib söhbətin qapısını aça bilər.

