Müntəzəm idman etməsinə baxmayaraq arıqlaya bilməyən insanların problemi hər zaman məşqin azlığı ilə bağlı olmur. Qidalanmaya nəzarətin olmaması və gün ərzində az hərəkət etmək çəki itkisinin qarşısını ala bilər.
Bu barədə fitnes məşqçisi və nutrisoloq Amina Əhmədova bildirib.
Onun sözlərinə görə, insan gün ərzində az yediyini düşünsə də, yağlar, souslar, kalorili içkilər və ayaqüstü edilən kiçik qəlyanaltılar hesabına düşündüyündən daha çox kalori qəbul edə bilər.
“Həftədə üç dəfə məşq edirsiniz, məşqləri buraxmırsınız, amma çəki dəyişmir, bədən ölçüləri azalmır və motivasiya aşağı düşür. Çox vaxt məsələ az məşq etməkdə deyil, idman zalından kənarda qalan detallardadır”, – mütəxəssis bildirib.

Əhmədova vurğulayıb ki, arıqlamaq yalnız məşqdən ibarət deyil. Burada qidalanma, gündəlik fiziki aktivlik, məşqlərin sistemli olması və nəticələrin düzgün qiymətləndirilməsi də mühüm rol oynayır.
Bəzən tərəzidəki rəqəmin dəyişməməsi də arıqlamanın dayanması demək deyil. Orqanizmdə suyun saxlanması, duz qəbulu və stress çəkidə müvəqqəti dəyişikliklər yarada bilər, halbuki bədən ölçüləri azalmağa davam edə bilər.
Mütəxəssis buna görə yalnız tərəzidəki rəqəmə deyil, bədən ölçülərinə, geyimlərin necə oturduğuna və ümumi fiziki vəziyyətə də diqqət yetirməyi məsləhət görür.
Digər vacib məqam gündəlik hərəkətdir. İnsan həftədə bir neçə dəfə idman zalına getsə də, günün qalan hissəsini əsasən oturaq keçirirsə, ümumi enerji sərfiyyatı aşağı qala bilər.
Bu səbəbdən müntəzəm məşqlərlə yanaşı yerimək, gəzintiyə çıxmaq və gün ərzində daha çox hərəkət etmək də çəki nəzarətində mühüm əhəmiyyət daşıyır.

