Bərpaedici tibb üzrə həkim, nevroloq Aleksey Mamatov iş günlərində orqanizmin həddindən artıq yükləndiyini göstərən beş əsas əlaməti açıqlayıb.
Həkim bu barədə “İzvestiya” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, ilk əlamət kifayət qədər yatdıqdan sonra belə keçməyən yorğunluq hissidir. Digər mühüm göstərici isə əvvəllər asanlıqla yerinə yetirilən gündəlik fəaliyyətlərin artıq insana çətin gəlməsidir.
“Əgər əvvəllər gəzinti, pilləkənlə qalxmaq və ya adi məşq heç bir çətinlik yaratmırdısa, indi isə güclü halsızlıqla müşayiət olunursa və bərpa üçün daha çox vaxt tələb edirsə, orqanizmin vəziyyətinə diqqət yetirmək lazımdır”, – deyə Mamatov xəbərdarlıq edib.
Nevroloq diqqətin və iş qabiliyyətinin zəifləməsini, fikir dağınıqlığını və adi tapşırıqları yerinə yetirməkdə çətinlik çəkməyi də həddindən artıq yorğunluğun əlamətləri sırasında göstərib.

Bundan başqa, yuxu pozuntuları və hətta istirahət günlərində belə keçməyən daimi daxili gərginlik hissi orqanizmin həddindən artıq yükləndiyindən xəbər verə bilər.
Həkim belə halların qarşısını almaq üçün kifayət qədər yatmağı, istirahətə vaxt ayırmağı və fiziki imkanlara uyğun hərəkət etməyi tövsiyə edib.
“Əgər yorğunluq uzun müddət davam edirsə, güclənirsə və ya digər simptomlarla müşayiət olunursa, bunu avtomatik olaraq həddindən artıq işləməklə əlaqələndirmək olmaz. Tibbi səbəbləri də istisna etmək vacibdir”, – deyə mütəxəssis vurğulayıb.

