Yuxu pozuntularının adi, qısamüddətli narahatlıq yoxsa həqiqi yuxusuzluq (insomniya) olduğunu ayırd etmək üçün “3-3-3 metodu” ən effektiv yanaşmalardan biridir. Denmedia.az xəbər verir ki, bunu HuffPost-a anestezioloq Sanni Nayi deyib.
Həkim izah edir ki, yuxusuzluq diaqnozu üçün üç əsas meyar var:
“Əgər yuxu problemi həftədə ən azı üç gecə baş verirsə, bu vəziyyət üç ay və daha çox davam edirsə və gündüz həyatının ən azı üç sahəsinə mənfi təsir edirsə — məsələn, yorğunluq, diqqətin zəifləməsi, əhval dəyişkənliyi — artıq söhbət real yuxusuzluqdan gedir.”
Nayi vurğulayır ki, yuxusuzluq təkcə yatağa getməkdə çətinlik deyil. Onun əlamətləri arasında əhvalın pisləşməsi, konsentrasiyanın zəifləməsi, iş qabiliyyətinin aşağı düşməsi var — çox vaxt düzgün yuxu gigiyenasına əməl olunmaması səbəbindən.
Həkim yuxu pozuntularının səbəbləri arasında stressi, alkoqol qəbulunu və yataq otağında əlverişsiz şəraiti xüsusi qeyd edir.
Riskləri azaltmaq üçün Nayi bunları tövsiyə edir:
“Gündəlik rejimi qorumaq, müntəzəm hərəkət etmək, yataq otağında qaranlıq, sükut və sərinlik yaratmaq, eləcə də rahat yataq dəsti seçmək yuxunun keyfiyyətini ciddi şəkildə yaxşılaşdırır.”

