Şəxsi sərhədləri qorumağı bacarmaq stressi azaltmağa və emosional tükənmə riskini aşağı salmağa kömək edir.
Bu barədə praktik psixoloq Liliya Lazareva NEWS.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, şəxsi sərhədlər insanın özü üçün nəyin normal, nəyin isə narahatlıq doğuran davranış olduğunu müəyyən etməsidir. Bu sərhədləri ilk növbədə insan özü üçün aydınlaşdırmalıdır.
“Şəxsi sərhədləri müəyyən etmək özünə hörməti və özünəinamı qorumağa kömək edir. Bu, fiziki sağlamlığa da təsir göstərir. İnsan narahatlıq, qıcıq və məcburiyyət hissi yaradan vəziyyətlərdən uzaq dura bilir”, – deyə psixoloq bildirib.

Mütəxəssis vurğulayıb ki, həddindən artıq məsuliyyət götürməmək, başqalarının manipulyasiyasına imkan verməmək və şəxsi məkanın pozulmasına qarşı çıxmaq daxili gərginliyin yığılmasının qarşısını ala bilər.
“Xroniki stress narahatlıq, emosional tükənmə və digər sağlamlıq problemlərinə yol aça bilər”, – deyə Lazareva xəbərdarlıq edib.

