Meditasiya qəzəblə mübarizə aparmağa, impulsivliyi azaltmağa və empatiya hissini inkişaf etdirməyə kömək edə bilər.
Bu barədə NEWS.ru-ya praktik psixoloq Liliya Lazareva bildirib.
Onun sözlərinə görə, bir çox insan meditasiya haqqında eşitsə də, onun mahiyyətini və gündəlik həyatda necə tətbiq edilə biləcəyini tam anlamır.
Psixoloq qeyd edib ki, meditasiya yalnız xüsusi poza və ya uzun seanslardan ibarət deyil. İnsanın tam diqqətlə, əlavə fikirlərdən yayınmadan etdiyi demək olar ki, istənilən fəaliyyət meditativ xarakter daşıya bilər.

Lazarevanın sözlərinə görə, bu praktika müntəzəm tətbiq olunduqda insan öz emosiyalarını daha yaxşı tanımağa, onların səbəbini anlamağa və onları boğmaq əvəzinə müşahidə etməyə başlayır.
Bu isə impulsivliyi azalda, qəzəb və ruh düşkünlüyü ilə mübarizəni asanlaşdıra, diqqəti və empatiyanı gücləndirə bilər.

