Uşaqlıqdan tanış olan dadlar narahatlığı tam aradan qaldırmır, yalnız qısamüddətli sakitləşdirici təsir yaradır.
Bu barədə psixoloq Yekaterina Abramova NEWS.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, insan təşviş və narahatlıq yaşadığı anlarda təhlükəsizlik hissinə ehtiyac duyur. Psixika isə bu hissi bərpa etmək üçün tanış və rahatlaşdırıcı vasitələr axtarır.
Psixoloq qeyd edib ki, uşaqlıqdan qalan dadlar bir növ “emosional zaman maşını” kimi işləyir. Onlar insanı özünü daha sakit və qorunmuş hiss etdiyi dövrə qaytara bilər.

Abramovanın sözlərinə görə, bəzi insanlarda uşaqlıqda kədərləndikdə, incidikdə və ya qorxduqda böyüklərin onlara şirniyyat və ya sevdikləri yeməyi verməsi beyində müəyyən əlaqə yaradır: “kədərlənmisənsə, qorxmusan və ya darıxırsansa — dadlı nəsə yeməlisən”.
Lakin psixoloq xəbərdarlıq edib ki, narahatlığı uşaqlıq dadları ilə azaltmağa çalışmaq tələyə çevrilə bilər. Belə qidalar qısa müddətlik dopamin ifrazını artıraraq insana rahatlıq hissi versə də, narahatlıq sonradan yenidən qayıda bilər.
Bundan əlavə, insan “özünü saxlaya bilmədiyi” üçün günahkarlıq hissi keçirə və nəticədə stress daha da arta bilər.
Abramova bildirib ki, bu qapalı dairədən çıxmaq üçün insan yeməkdən başqa dayaq və sakitləşmə üsulları tapmalıdır. Onun sözlərinə görə, bu halda uşaqlıq dadları narahatlıqla mübarizə vasitəsi yox, sadəcə qayğı və xoş xatirə ritualı olaraq qala bilər.

