ATV-nin bu mövsüm ən iddialı layihələrindən biri hesab olunan “A.B.İ.” serialında gözlənilməz ayrılıq yaşanıb.
Serialın sezon finalına sayılı həftələr qalmış Kenan İmirzalıoğlu ilə baş rolu paylaşan tanınmış aktrisa Afra Saraçoğlu layihə ilə vidalaşır.
Birsen Altuntaşın məlumatına görə, serialda vəkil Çağla obrazını canlandıran Afra Saraçoğlunun son səhnələrinin çəkilişi dünən tamamlanıb. Aktrisa layihənin 17-ci bölüm finalı ilə tamaşaçı qarşısına son dəfə çıxacaq və komanda ilə vidalaşacaq.
Rejissor kürsüsündə Cem Karcının oturduğu serialda bu ayrılığın yalnız aktyor dəyişikliyi ilə məhdudlaşmayacağı, süjet xəttinə də ciddi təsir göstərəcəyi bildirilir.

Məlumata görə, Kenan İmirzalıoğlunun canlandırdığı Doğan obrazı əvvəlcə atasının ölümü ilə sarsılıb. İndi isə həyatındakı ən vacib fiqurlardan biri olan Çağlanı itirməsi onun üçün daha qaranlıq və sərt mərhələnin başlanğıcı olacaq.
Bu ikiqat faciədən sonra Doğan obrazının intiqam hissi ilə hərəkət edəcəyi və serialda artıq heç nəyin əvvəlki kimi olmayacağı gözlənilir.
Qeyd edək ki, “A.B.İ.” yüksək reytinqləri ilə diqqət çəksə də, mövsüm ərzində sosial şəbəkələrdə geniş müzakirə olunub. Xüsusilə 51 yaşlı Kenan İmirzalıoğlu ilə 28 yaşlı Afra Saraçoğlunun tərəf müqabili olması tamaşaçılar arasında ən çox danışılan mövzulardan biri idi.

