Dünya şöhrətli “Heroes” və “Nashville” seriallarındakı rolları ilə tanınan amerikalı aktrisa Hayden Panettiere 36 yaşında həyatını itirib.
Aktrisanın vəfat etdiyini atası Skip Panettiere açıqlayıb.
“Əziz Haydenimizin faciəvi ölümünü böyük kədərlə paylaşırıq. O, onu tanıyan hər kəsə və ekranda izləyən milyonlarla insana ölçüyəgəlməz sevgi və sevinc bəxş edən inanılmaz bir işıq və güc mənbəyi idi”, – deyə ailənin açıqlamasında bildirilib.
Ailə bu ağır günlərdə media və ictimaiyyətdən məxfiliyə hörmət etməyi xahiş edib.
Ölüm səbəbi hələ açıqlanmayıb
Hayden Panettiere-nin dəqiq ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.
Mətbuatda yayılan bəzi məlumatlara görə, aktrisa son vaxtlar bel ağrılarından şikayət edirdi.
Unudulmaz obrazları ilə yadda qaldı
Panettiere aktyorluq karyerasına uşaqlıq yaşlarında “Remember the Titans” filmi ilə başlayıb. O, xüsusilə “Heroes” serialında Kler Bennet obrazını canlandırdıqdan sonra dünya şöhrəti qazanıb.
Daha sonra “Nashville” serialında kantri müğənnisi Juliette Barnes obrazı ilə tamaşaçıların sevgisini qazanıb. Aktrisa “Scream” film seriyasında Kirby Reed obrazını da canlandırıb.
Bundan əlavə, “Until Dawn” video oyununda səsləndirmə fəaliyyəti ilə də geniş auditoriyaya tanış olub.

Şəxsi həyatında ağır itkilər yaşayıb
Hayden Panettiere ukraynalı boksçu Vladimir Kliçko ilə münasibətindən Kaya adlı qız övladına sahib idi.
Aktrisa 2023-cü ildə 28 yaşlı qardaşı Jansen Panettiere-ni qəfil itirib.
O, ötən may ayında yayımlanan “This Is Me: A Reckoning” adlı xatirə kitabında uşaqlıqdan məşhurlaşmasının yaratdığı çətinliklər, asılılıqla mübarizəsi, depressiya və qızı ilə münasibətləri barədə səmimi danışmışdı.

