Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı Yalovada keçirilən ilk məhkəmə iclasında diqqətçəkən ifadələr səsləndirilib. Sənətçinin qızı Tuğyan Ülkem Gülter anasını öldürməsi ilə bağlı ittihamları rədd etsə də, hadisənin yeganə şahidi olan Sultan Nur Ulu onun anasını pəncərədən atdığını iddia edib.
Euronews və İhlas Xəbər Agentliyinin (İHA) məlumatına görə, məhkəmə prosesi Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsində keçirilib.
İlk dəfə hakim qarşısına çıxan Tuğyan Ülkem Gülter anasının ölümündə əli olmadığını bildirib.
O, daha əvvəl keçmiş sevgilisinə göndərdiyi «Anam bir azdan özünü atacaq» mesajının zarafat məqsədilə yazıldığını söyləyib.
«Anama nifrət etmirdim. Aramızda hər ana ilə qızı arasında ola biləcək problemlər vardı. Böyük bir problemimiz yox idi», – deyə Gülter bildirib.
O, hadisə zamanı arxasının pəncərəyə tərəf olduğunu, yüksək səs eşitdikdən sonra çevrildiyini və anasını görmədiyini deyib.
«Arxaya çevriləndə anam yox idi. Nə baş verdiyini başa düşmədim. Əgər yıxıldığını görsəydim, onu tutmağa çalışardım», – deyə təqsirləndirilən şəxs ifadəsində qeyd edib.
Lakin hadisə zamanı evdə olan və yeganə şahid kimi dindirilən Sultan Nur Ulu məhkəmədə fərqli ifadə verib.
«Tuğyanın Güllünü ombasından tutaraq aşağı atdığını gördüm. Anasının üzü pəncərəyə tərəf idi. Onu pəncərədən atdığını öz gözlərimlə gördüm. Sonra mənə "Qaç!" deyə qışqırdı. Şok vəziyyətində idim, onun arxasınca qaçaraq aşağı düşdüm», – deyə Ulu bildirib.
Şahid daha əvvəl hadisəni bu şəkildə danışmamasının səbəbini qorxması ilə izah edib.
Onun iddiasına görə, Güllünün dəfnindən sonra Tuğyan ona «Mən yansam, sən də yanacaqsan» deyərək hədə-qorxu gəlib.

Qeyd edək ki, Güllü kimi tanınan müğənni Gül Tut 2025-ci il sentyabrın 26-da Yalovanın Çınarcık rayonundakı evinin altıncı mərtəbəsindən yıxılaraq həyatını itirib.
Hadisə ilə bağlı aparılan istintaq nəticəsində onun qızı Tuğyan Ülkem Gülter haqqında anasını qəsdən öldürmək ittihamı irəli sürülüb. Prokurorluq onun barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edir.

Məhkəmə Gülterin həbsdə saxlanılmasına qərar verib. Növbəti iclas oktyabrın 9-na təyin olunub.
Təqsirləndirilən şəxsin günahı ilə bağlı yekun məhkəmə hökmü hələ çıxarılmayıb.

