Hollivudun tanınmış aktyoru Con Qudman (John Goodman) 90 kiloqram arıqlayaraq tamamilə fərqli görünüşə sahib olub.
74 yaşlı aktyor bir vaxtlar 180 kiloqram çəkidə olduğunu, lakin qidalanma vərdişlərini dəyişərək və müntəzəm idmanla məşğul olaraq çəkisini təxminən 90 kiloqrama endirdiyini bildirib.
Bu barədə aktyor “The New Yorker” jurnalına müsahibəsində danışıb.

Qudmanın sözlərinə görə, əvvəllər dəfələrlə arıqlasa da, sonradan itirdiyi çəkini yenidən, hətta artıqlaması ilə geri alıb.
2007-ci ildə spirtli içkilərdən imtina edən aktyor bundan sonra həddindən artıq yeməyə başladığını etiraf edib. Lakin səhhətində yaranan problemlər onu həyat tərzini kökündən dəyişməyə vadar edib.
Aktyor arıqlamaq üçün iynələrdən deyil, mədə əməliyyatından istifadə etdiyini açıqlayıb. Böyük çəki itkisindən sonra isə qanazlığı və tez-tez üşümə kimi problemlərlə üzləşib.

Qudman şəkərdən imtina etdiyini və həftədə altı gün idmanla məşğul olduğunu da bildirib.
Aktyor son görünüşü ilə Los-Ancelesdə keçirilən “Digger” filminin qala gecəsində diqqət çəkib. Həyat yoldaşı Anna Bet ilə tədbirə qatılan Qudman xeyli dəyişmiş görünüşü ilə yenidən gündəmə gəlib.

