Böyük Britaniyada yaşayan 46 yaşlı iş adamı Mark Beyli artıq çəkisi səbəbindən həyatını itirmək təhlükəsi ilə üzləşdikdən sonra həyat tərzini tamamilə dəyişib. Bir vaxtlar 309 kiloqram çəkisi olan kişi arıqlama iynələri və mədəkiçiltmə əməliyyatı olmadan 177 kiloqram arıqlamağa nail olub.
Mirror nəşrinin məlumatına görə, boyu 203 santimetr olan Beyli uzun illər ərzində gündə təxminən 7500 kalori qəbul edib. Qeyri-sağlam qidalanma nəticəsində 34 yaşından etibarən onun oynaqlarında və öd kisəsində problemlər yaranmağa başlayıb.
2021-ci ilin oktyabrında isə həkimlər kişidə ürək küyü aşkar ediblər. Ona açıq ürək əməliyyatı lazım olsa da, kardioloqlar artıq çəkisi səbəbindən əməliyyatın ciddi risk daşıdığını bildiriblər.
Həkimlərin xəbərdarlığından sonra Beyli arıqlamaq üçün həyat tərzini dəyişmək qərarına gəlib.
Ona mədəkiçiltmə əməliyyatı və arıqlama preparatları təklif edilsə də, kişi bu üsullardan imtina edib. Bunun əvəzinə idmanla məşğul olmağa, həyat yoldaşı ilə qaçışa çıxmağa və qidalanma rejimini dəyişməyə başlayıb.
Beyli gündəlik kalori qəbulunu ciddi şəkildə azaldaraq rasionuna zülalla zəngin məhsullar, təzə meyvə-tərəvəz və bol su əlavə edib.
Nəticədə o, ürək əməliyyatına qədər 177 kiloqram arıqlamağı bacarıb.

Lakin 2025-ci ilin sentyabrında aparılan müayinələr zamanı ürək əməliyyatının daha çox təxirə salınmasının mümkün olmadığı müəyyən edilib.
“Cərrah mənə ürək qapağımın altı həftədən də az müddət işləyə biləcəyini söylədi”, – deyə Beyli həmin günləri xatırlayıb.
Əməliyyat 2025-ci ilin oktyabrında həyata keçirilib. Yeddi saat davam edən cərrahi müdaxilə uğurla başa çatıb və kişi səkkiz gün sonra xəstəxanadan evə buraxılıb.
Hazırda 106 kiloqram çəkisi olan Beyli idmanla məşğul olmağa davam edir və maneəli qaçış yarışlarında iştirak edir.
Beləliklə, kişi həyat tərzini dəyişdikdən və sonrakı dövrdə arıqlamağa davam etdikdən sonra ümumilikdə 200 kiloqramdan artıq çəki itirib.

