Türkiyənin məşhur “Çılgın Bediş” serialında Oktay obrazı ilə tanınan aktyor Cenk Torun illərdir qoruyub saxladığı fit görünüşünün sirrini açıqlayıb.
52 yaşlı aktyorun xüsusilə qidalanma ilə bağlı tətbiq etdiyi ciddi rejim diqqət çəkib.
Sonuncu dəfə “Esaret” serialında Orhun Demirhanlı obrazını canlandıran Cenk Torun qatıldığı tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
Görünüşünün sirri barədə verilən suala əvvəlcə zarafatla cavab verən aktyor daha sonra formasını necə qoruduğunu izah edib.
Torunun sözlərinə görə, fit qalmağın arxasında hər hansı möcüzəvi üsul dayanmır. O, müntəzəm idmanla məşğul olduğunu və qidalanmasına ciddi diqqət yetirdiyini bildirib.

Aktyor ətrafındakı insanlar müxtəlif yeməklərə üstünlük versələr də, öz qidalanma rejimindən imtina etmədiyini vurğulayıb.
“Hər kəs hamburger, pizza yeyəndə mən toyuqla düyü yeyirəm. Başa düşdünüz? Qardaşım, mən ibtidai insan kimi qidalanıram”, – deyə Torun bildirib.
52 yaşlı aktyor qida rasionunda seçimlərin kifayət qədər məhdud olduğunu, karbohidrat mənbəyi kimi düyüyə üstünlük verdiyini və şəkərli qidalardan uzaq durduğunu qeyd edib.
Torun formasını qorumaq üçün şirniyyatı da həyatından çıxardığını açıqlayıb.
“Şirniyyat yoxdur, başqa heç nə yoxdur”, – deyə məşhur aktyor uzun müddətdir ciddi qidalanma rejiminə əməl etdiyini bildirib.

