Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsinin Pərviz Hüseynov küçəsində bir aydan artıqdır ki, su və kanalizasiya xətlərinin yenilənməsi məqsədilə aparılan qazıntı işləri sakinlərin həyatını iflic vəziyyətə salıb.
Den.az-ın qaynar xəttinə daxil olan məlumatda bildirilir ki, əvvəlcə ümidlə qarşılanan bu infrastruktur layihəsi hazırda səhlənkarlıq və məsuliyyətsizlik nümunəsinə çevrilib.
Sakinlər bildiriblər ki, Pərviz Hüseynov küçəsində aparılan qazıntı işləri sakinləri çıxılmaz vəziyyətə salıb.
Pərviz Hüseynov küçəsində Təmir-bərpa işləri yarımçıq saxlanılıb, qazıntılar açıq halda qalmaqda davam edir, yollar çala-çuxur içindədir və bu, həm təhlükəsizlik, həm də insan həyatı baxımından ciddi risklər yaradır. Sakinlər həyəcan təbili çalır.
Sakinlərin verdiyi məlumata görə, qazıntıların başlanmasından qısa müddət sonra tikinti işləri dayanıb və əraziyə nəzarət edən və ya vəziyyətlə maraqlanan bir qurum olmayıb. Küçənin müxtəlif hissələrində torpaq qatları açıq vəziyyətdədir, yollar palçığa çevrilib. Avtomobillərin, xüsusilə təcili yardım və yanğınsöndürmə maşınlarının küçəyə daxil olması mümkünsüz hala gəlib. Ən dəhşətlisi isə odur ki, bəzi evlərin divarlarında artıq çatlar əmələ gəlib. Yaxınlıqda aparılan ağır texnikaların nəzarətsiz fəaliyyəti nəticəsində torpaq sürüşmələri baş verib. Bu isə yaşayış evlərinin sabitliyini ciddi şəkildə təhlükə altına salır.
Küçənin bir neçə hissəsində qazıntı və palçıq səbəbindən piyadaların hərəkəti tamamilə mümkünsüz olub. Yaşlı insanlar, uşaqlar və xəstələr üçün çölə çıxmaq, məktəbə, işə getmək böyük təhlükə ilə müşayiət olunur. Bəzi sakinlər artıq uzun müddətdir ki, evlərindən bayıra çıxa bilmədiklərini bildirirlər. Təcili tibbi yardıma ehtiyac olduqda isə nə həkim, nə də təcili yardım maşını küçəyə daxil ola bilir.
Sakinlər dəfələrlə Su Ehtiyyatları Agentliyinə və digər aidiyyəti qurumlara müraciət etsələr də, nəticə yoxdur. İşlərin nə zaman başa çatacağı, nə də problemin aradan qaldırılması ilə bağlı açıqlama verilməyib. Görünən odur ki, bu layihənin nə icrası düzgün planlaşdırılıb, nə də vətəndaşların rahatlığı və təhlükəsizliyi nəzərə alınıb.
İri Şəhərlərin Birləşmiş Su Təhcizatə Xidməti Sumqayıt Su Kanal İdarəsindən Den.az-a bildirilib ki, ərazidə qazıntı, təmir bərpa işlərini sifariş əsasında podraçı təşkilat görür. Podraçı təşkilatın sahə rəisi Bayram Muradov isə bildirdi ki, sözü gedən ünvanda layihə əsasında diametri 1600-lük dəmir beton kanstuksiyalı xətt çəkilir. Cəmi 100 metr məsafə üçün matrial çatışmır. Artıq tikinti matrillarının alınması üçün sifariş verilib. Bu ayın 15-dən sonra problem öz həllini tapacaq. Bununlada sakinlərin haqlı şikayəti tam aradan qaldırılacaq.
Müasir dövrdə belə halların baş verməsi ciddi narahatlıq doğurur. Bu cür səhlənkar münasibət təkcə texniki qüsur deyil, həm də vətəndaş hüquqlarının pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasına görə, hər bir vətəndaşın təhlükəsiz və sağlam mühitdə yaşamaq hüququ var. Amma Pərviz Hüseynov küçəsində bu hüquq açıq şəkildə pozulur.