"Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.
Den.az xəbər verir ki, Qalib Məmmədov dünən Yasamal rayonunda baş verən hadisə ilə bağlı saxlanılıb.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Yasamal rayonunda qanunsuz söküntü işləri
Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.
Söküntü işləri “Melissa Group” tikinti şirkəti tərəfindən aparılıb.
Söküntünün qanunsuz olduğu müəyyən edilib
Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.
"Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - məlumatda qeyd olunub.
Tikinti şirkətinin əməkdaşları saxlanılıb
Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.
Araşdırma aparılır.
Söküntü zamanı tibbi yardıma müraciət edilib
TƏBİB-dən isə bildirilib ki, Alatavada söküntü zamanı təcili yardıma müraciət qeydə alınıb.
"Bu gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Alatava ərazisindən müraciət daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın cinsli) stresə qarşı kəskin reaksiya diaqnozu ilə tibbi xidmət göstərilib", - məlumatda deyilib.