Sumqayıt kanalizasiya suları aylardır küçə boyu axır. Avtomobil yolu küçilməz hala düşüb.
Den.az xəbər verir ki, mövcud vəziyyət Hacı Zeynalabdin qəsəbəsində Hüseyn Ərəbliniski küçəsində yaşanır.
Sakinlərin verdiyi məlumata görə, küçədə kanalizasiya suları yol boyu axır, nəticədə həm nəqliyyatın, həm də piyadaların hərəkəti çətinləşib. Üfunətli qoxu, yolun çirkab suları ilə dolması, əraziyə yaxın yaşayan ailələrin sağlamlığı üçün ciddi təhlükə yaradır. Vətəndaşların sözlərinə görə, problemin kökündə kanalizasiya sisteminin köhnə və istismar müddətini başa vurmuş olması dayanır. Sistemin daimi istifadəyə tab gətirmədiyi və texniki baxımdan sıradan çıxdığı bildirilsə də, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq, indiyə qədər heç bir əməli tədbir görülməyib.
Məsələ ilə bağlı Sumqayıt Su Kanal İdarəsi ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, problem barədə məlumatlıdırlar və yaxın günlərdə əraziyə baxış keçirilərək, vəziyyətin qiymətləndirilməsi planlaşdırılır. Bildirilib ki, problemin aradan qaldırılması üçün tədbirlər görüləcək.