Sumqayıt şəhərində infrastrukturun yenilənməsi və vətəndaşların rahatlığının təmin olunması istiqamətində aparılan işlər davam etdirilir.
Den.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, Stansiya Sumqayıt ərazisində genişmiqyaslı asfaltlanma işləri həyata keçirilib.
Sumqayıt bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində ümumilikdə 2000 kvadratmetr sahəyə yeni asfalt örtüyü döşənib. Asfaltlanma işləri əsasən Stansiya Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə aparılıb. Əsas diqqət 12 saylı marşrut xəttinin son dayanacağı və onun ətrafındakı küçələrin abadlaşdırılmasına yönəldilib.
İşlərin icrası zamanı əraziyə müasir texnika və canlı qüvvə cəlb olunub. Yol infrastrukturu yenilənməklə yanaşı, piyadaların və nəqliyyat vasitələrinin hərəkəti üçün daha təhlükəsiz və rahat şərait yaradılıb.
Qeyd edək ki, bu tip layihələr Sumqayıt şəhərində yaşayış mühitinin yaxşılaşdırılması və şəhərsalma siyasətinin davamlılığı baxımından önəmli addım kimi qiymətləndirilir. Şəhər rəhbərliyi gələcəkdə də bu cür abadlıq və infrastruktur layihələrinin mərhələli şəkildə davam etdiriləcəyini bildirib.
Nizami Rəsulov