Qurban bayramı münasibətilə Sumqayıt şəhərində sosial rifahın gücləndirilməsi, şəhid ailələrinə və aztəminatlı vətəndaşlara dəstəyin davamlılığının təmin olunması məqsədilə mühüm və əlamətdar bir təşəbbüs həyata keçirilib.
Den.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və bilavasitə təşəbbüsü ilə şəhərdə yaşayan 2000-ə yaxın şəhid ailəsi, müharibə əlili və aztəminatlı ailəyə bayram sovqatları təqdim olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və İcra Hakimiyyətinin əməkdaşları bayram günü şəhid ailələrinin evlərinə baş çəkərək onların qayğı və ehtiyacları ilə maraqlanıblar.
Ziyarət zamanı ailələrlə səmimi görüşlər keçirilib, onların gündəlik məişət problemləri, sosial ehtiyacları və şəxsi istəkləri dinlənilib. Teymur Səmədov çıxışlarında qeyd edib ki, şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bayram günlərində belə ziyarətlərin məqsədi təkcə mənəvi dəstək göstərmək deyil, həm də onların sosial rifahını yaxından izləmək və mövcud problemlərin vaxtında həllinə nail olmaqdır.
Ziyarət edilən ailələr göstərilən diqqətə görə təşəkkürlərini bildirib, dövlətin və yerli icra orqanlarının daim yanlarında olduğunu vurğulayıblar.
Xüsusi ilə vurğulayaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhid ailələrinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşıb. Onların sosial rifahının yaxşılaşdırılması, gündəlik qayğı və ehtiyaclarının qarşılanması istiqamətində daim ardıcıl addımlar atılıb.
Zakir Fərəcovun təşəbbüsü ilə şəhid ailələrinin evlərinə mütəmadi olaraq baş çəkilir, onların problemləri yerində dinlənilərək operativ həll yolları müəyyənləşdirilir. Onların hər birinə fərdi yanaşma göstərilir, ehtiyacları nəzərə alınaraq müvafiq dəstək təmin olunur.
Bu qayğıkeş münasibət bir daha göstərir ki, şəhid ailələrinə hörmət və diqqət Sumqayıt şəhər rəhbərliyinin fəaliyyətində əsas prinsiplərdən biridir. Zakir Fərəcovun bu istiqamətdəki fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və nümunə kimi dəyərləndirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bu təşəbbüs şəhid ailələrinə olan ehtiramın və dəstəyin davamlı xarakter daşıdığını bir daha sübut edir.
Qeyd edək ki, bu sosial aksiyanın həyata keçirilməsi zamanı hər bir ailəyə fərdi yanaşma göstərilib, onların spesifik ehtiyacları nəzərə alınıb. Bayram sovqatlarının paylanması prosesi təkcə maddi dəstək deyil, eyni zamanda mənəvi dayaq, dövlətin və cəmiyyətin bu kateqoriyadan olan insanlara göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirilib.
Bayram günlərində Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrinin evlərinə baş çəkiblər. Bu səfərlər zamanı ailələrin gündəlik qayğıları, sosial problemləri və istəkləri dinlənilib. Səmimi və isti mühitdə keçən görüşlərdə ailələrin qaldırdıqları məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
Bu humanist yanaşma, dövlətin şəhid ailələrinə və aztəminatlı vətəndaşlara göstərdiyi daimi diqqətin və ehtiramın növbəti təzahürüdür. Qurban bayramı kimi əlamətdar günlərdə bu cür sosial aksiyaların keçirilməsi həm cəmiyyətin mənəvi birliyini möhkəmləndirir, həm də sosial ədalət və qayğının təmin olunmasında əhəmiyyətli rol oynayır.
Sumqayıt şəhərində həyata keçirilən bu təşəbbüs bir daha göstərdi ki, Azərbaycan dövləti və yerli idarəetmə orqanları vətəndaşların rifahına daim önəm verir, xüsusən də şəhid ailələrinin və aztəminatlı təbəqənin sosial müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.