Sumqayıtda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin 5 ili” adlı şahmat turniri və bayram tədbiri keçirilib.
DenMedia.az xəbər verir ki, tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Bələdiyyəsi, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı, Gənclərin İnkişaf və Karyera Mərkəzi Abşeron-Xızı regional nümayəndəliyi və şəhid Şəhriyar Qasımov adına idman klubunun birgə təşkilatçılığı ilə baş tutub.
Turnir 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində təşkil olunub. Yarışda şəhərin müxtəlif məktəblərindən olan onlarla gənc şahmatçı iştirak edib. Məqsəd həm Zəfər Gününün əzəmətini gənc nəslə aşılamaq, həm də uşaqlar arasında intellektual oyunlara marağı artırmaq olub.
Yarışın təntənəli bağlanış mərasimi Sumqayıt Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri, gənclər və idmançılar iştirak ediblər.
Çıxış edən natiqlər 8 Noyabr Zəfər Gününün Azərbaycan xalqının tarixində misilsiz qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi, Müzəffər Ali Baş Komandanlığında Azərbaycan Ordusunun qazandığı bu qələbə dövlətimizin gücünü və xalqımızın birliyini bütün dünyaya göstərdi.
Sonda turnirin qalibləri elan olunub. Qalib və mükafatçılara kubok, medal, diplom, qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub. Yarış iştirakçılarına da xatirə hədiyyələri verilib.
Tədbir Azərbaycanın üçrəngli bayrağının dalğalanması və Zəfər ruhunda ifa olunan mahnılarla yekunlaşıb.
Qeyd edək ki, “Zəfərin 5 ili” turniri gənclərin milli ruhda tərbiyəsi və Vətən müharibəsində əldə olunan qələbənin əhəmiyyətinin təbliği baxımından xüsusi önəm daşıyır.
DenMedia.az