Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəfəq qəsəbə tam orta ümumtəhsil məktəbində 8 Noyabr — Zəfər Gününə həsr olunan geniş tədbir keçirilib.
Denmedia.az xəbər verir ki, tədbirdə məktəbin pedaqoji kollektivi ilə yanaşı, millət vəkilləri, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhiumova, şəhid General-mayor Polad Həşimovun anası Səmayə Həşimova, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, YAP Abşeron rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Almaz Hüseynova çıxış edərək Zəfər Gününün xalqımız üçün tarixi əhəmiyyətindən danışıb: “Bu gün biz Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə etdiyimiz böyük Qələbəni qeyd edirik. Bu Zəfər minlərlə şəhidimizin qanı, qazilərimizin fədakarlığı sayəsində mümkün olub. Hər bir azərbaycanlı bu günü qürurla xatırlayır və gələcək nəsillərə ötürməlidir.”-deyə Almaz Hüseynova bildirib.
Tədbir zamanı 44 günlük Vətən müharibəsi qəhrəmanlarının şücaətindən bəhs edən videoçarx nümayiş etdirilib. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib, kompozisiyalar təqdim ediblər. Onların çıxışları tədbir iştirakçılarını duyğulandırıb, bir çoxunun gözlərini yaşardıb.
Qonaqlar sırasında çıxış edən şəhid ailələri və qazilər Azərbaycanın Zəfər yolunda keçdiyi çətin, lakin şərəfli yoldan danışıblar. Qazi və şəhid valideynləri vurğulayıblar ki, bu gün ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın siyasətinin əsas istiqamətlərindən biridir.
Sonda məktəblilərə qəhrəmanlıq, vətən sevgisi və dövlətə sədaqət mövzusunda tövsiyələr verilib. Tədbir “Qarabağ Azərbaycandır!” şüarının səsləndirilməsi və birgə foto ilə yekunlaşıb.
Bu cür tədbirlər təkcə Zəfər Gününün xatirəsinə deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə xidmət edir.
44 günlük müharibə qəhrəmanlarının igidliyi unudulmur və unudulmayacaq! Zəfər bayramımız mübarək.

