Abşeron rayonunda 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və könüllülər iştirak ediblər.
Aksiya Xırdalan şəhər Heydər Əliyev adına parkda keçirilib. Ekoloji dəyərlərin qorunması və yaşıllıqların artırılması məqsədi daşıyan tədbir zamanı ümumilikdə 500 ədəd ağac əkilib. Əkilən ağaclara müvafiq aqrotexniki qulluq göstərilib, suvarma və torpağın yumşaldılması işləri aparılıb.
Tədbir çərçivəsində həmçinin şəhid ailələrinə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən dibçəkdə xüsusi yetişdirilmiş ağaclar təqdim olunub. Bu addım Zəfər bayramı münasibətilə qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsi kimi qiymətləndirilib.
Aksiyanın məqsədi həm şəhidlərin müqəddəs xatirəsini anmaq, həm də gənc nəsildə təbiətə və torpağa bağlılıq hissini gücləndirmək olub.
Abşeron rayonunda keçirilən bu tədbir Zəfər Gününün 5 illiyinə həsr olunmuş silsilə aksiyaların bir hissəsidir və rayon üzrə digər ərazilərdə də oxşar ekoloji və xatirə tədbirlərinin davam etdirilməsi planlaşdırılır.

