Almaniya kansleri Fridrix Merzin Ukrayna ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb. O, ukraynalı gənclərin vətənlərini müdafiə etməli olduğunu bildirib və Almaniyaya getməmələri üçün çağırış edib.
Merz bir müddət əvvəl ölkədən çıxışlarına icazə verilən ukraynalı gənclərin orduda xidmət etmələrinin daha məqsədəuyğun olduğunu söyləyib. Hətta Ukrayna Prezidenti Volodimir Zelenskidən bunu xahiş etdiyini qeyd edib. Kansler həmçinin ukraynalı qaçqınların standart maliyyə yardımından məhrum edilməsi ilə bağlı əvvəllər elan edilmiş planları təsdiqləyib. Ukraynadan olan qaçqınlar artıq daha aşağı ödənişlər alacaqlar.
Bu xəbərdarlıq Almaniya–Ukrayna siyasi əməkdaşlığında gərginlik yarada bilərmi?
DenMedia.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Almaniya kanslerinin Ukrayna prezidentinə çağırışı ciddi maraq doğurur:
“Müharibə başlanandan bu günə qədər minlərlə ukraynalı Avropaya, o cümlədən Almaniyaya üz tutub. Qaçqınlar Avropa İttifaqı (Aİ) ölkələri arasında xüsusilə Almaniyanı özləri üçün güvənli yer olaraq seçib. Müqayisə üçün deyim ki, Yaxın Şərqdə müharibələr genişləndikdə, Suriyanın vətəndaş müharibəsi və “ərəb baharı” proseslərində Almaniyanın o zamankı kansleri Angela Merkel həyəcan təbili çalırdı. Eks-kansler çalışırdı ki, qaçqınlar Aİ-yə üz tutmasın.

İlyas Hüseynov
Rusiyanın Ukraynaya hücumuna görə isə ikili standartlar tətbiq edilməyə başladı. Almaniya qapılarını açdı və onları ölkəyə qəbul etdi. Düşünürəm ki, indiki məqamda Merzin açıqlaması siyasi mesajdır. Yəni səsləndirilən fikirlərə baxmayaraq, belə bir halın baş verməsi elə də mümkün deyil. Almaniyada dövr edən fikir budur ki, müharibə ölkəyə mənfi təsir göstərib və bunun bütün günahkarı məhz Zelenskidir.
Daha öncəki hökumətlər də müharibənin Almaniyanın siyasi düşüncəsi və demokratiyasına problem yaradacağını düşünürdülər. Digər tərəfdən, Ukrayna bu münasibətdən narazıdır. Kiyev rəhbərliyinə qarşı ciddi iddialar, korrupsiya ittihamları irəli sürülür. Bunlar Zelenskinin siyasi nüfuzuna təsir edən amillərdir. Qarşıdakı seçkilərdə isə bu, Almaniya və Ukrayna arasında müxtəlif müstəvilərdə gərginliyin pik həddə çatması baxımından opponentlər üçün ciddi arqument ola bilər”.

