Lənkəran rayon sakini Elşad Salayevin idarə etdiyi VAZ markalı avtomobil Liman şəhəri ərazisində hərəkətdə olarkən qəfil yoldan çıxaraq ağaca çırpılıb.
Bu barədə Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.
Oxşar hadisə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində də qeydə alınıb. Paytaxt sakini Davud Salamovun idarə etdiyi Ford markalı avtomobil yoldan çıxaraq yaxınlıqdakı ticarət obyektinə ziyan vurub.
Hər iki hadisədə həyatını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilib.
Qeyd olunan hadisələrlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi ciddi sağlamlıq problemi olan şəxsləri sükan arxasına keçməməyə çağırıb. Qurum həmçinin onların ailə üzvlərini belə hallara biganə qalmamağa səsləyib.
Bildirilib ki, bir şəxsin verdiyi yanlış qərar bəzən yolda günahsız insanların həyatına son qoya bilər.

