ABŞ Prezidenti Donald Tramp bildirib ki, 2024-cü il seçkilərində onun qalib gəlməsi amerikalılar üçün “çox böyük şans” olub. Bu barədə o, McDonald's Impact Summit tədbirində çıxışı zamanı deyib. DenMedia.az xəbər verir ki, sitatı The Hill nəşri yayıb.
“Sizin bəxtiniz gətirdi ki, bu seçkiləri mən qazandım, deyirəm sizə”, — Tramp auditoriyaya müraciət edib.
The Hill yazır ki, Trampın bu sözləri zalda gülüş və alqışlarla qarşılanıb.
Nəşrin qeyd etdiyinə görə, 2024-cü il seçki kampaniyası dövründə Tramp seçicilərə qiymətləri endirmək və Bayden administrasiyası dövründə rekord səviyyəyə çatan inflyasiyanı geri çevirmək vəd etmişdi.
Lakin Tramp hakimiyyətə qayıtdıqdan sonra inflyasiya hələ də yüksək olaraq qalır, həmçinin əmək bazarı əvvəlki prezident Co Bayden dövründəki nailiyyətlərlə müqayisədə xeyli zəifləyib, – deyə qəzet vurğulayır.
Buna baxmayaraq, Tramp ABŞ iqtisadiyyatında investisiyaların “tarixi artım” yaşadığını iddia edir. Onun sözlərinə görə, son doqquz ayda ölkə iqtisadiyyatına 17 trilyon dollardan çox vəsait yatırılıb və bu rəqəm yaxın günlərdə 18 trilyona çatacaq.
Prezident əlavə edib ki, 2025-ci ilin sonuna kimi ümumi investisiya həcmi 20–21 trilyon dollara yüksələcək.

