ABŞ Prezidenti Donald Trampın reytinqi immiqrasiya siyasətinə narazılıq fonunda 38 faizə enib. Bu barədə Reuters agentliyi ilə Ipsos beynəlxalq tədqiqat xidmətinin birgə keçirdiyi sorğunun nəticələrində qeyd olunur.
Sorğuya əsasən, respondentlərin 38 faizi Trampın prezident kimi fəaliyyətini müsbət qiymətləndirib. Ayın ortalarında bu göstərici 41 faiz idi. İştirakçıların 59 faizi isə prezidentin fəaliyyətindən narazı olduğunu bildirib. Qalan respondentlər suala cavab verməyiblər.
Tramp administrasiyasının immiqrasiya sahəsində qərarlarını respondentlərin cəmi 39 faizi dəstəkləyib ki, bu da onun 2025-ci il yanvarın 20-də keçirilən inaqurasiyasından bəri ən aşağı göstəricidir. Bu siyasətə 53 faiz qarşı çıxıb. Sorğuda iştirak edənlərin 58 faizi isə ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) qeyri-leqal miqrasiyaya qarşı mübarizədə “həddən artıq sərt addımlar atdığını” düşünür.
Sorğu nəticələrinə görə, respondentlərin 35 faizi Tramp administrasiyasının iqtisadi kursunu müsbət qiymətləndirib, 56 faizi isə onu səmərəsiz hesab edir.
Qeyd edək ki, sorğu 23–25 yanvar tarixlərində ABŞ-da 1 139 yetkin şəxs arasında aparılıb.

