ABŞ-dakı Böyük Britaniya səfirinin müavini Ceyms Rosko qəfil vəzifəsindən azad edilib.
Bu barədə The Times qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqtondakı Britaniya diplomatik missiyasında ikinci ən yüksək vəzifəni tutan Roskonun işdən çıxarılması məxfi məlumat sızması ilə bağlı araşdırma ilə əlaqələndirilir.
Bildirilir ki, sızma Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə olunan məlumatlarla bağlı olub. Nəticədə son həftələrdə Britaniya nazirlərinin İrana qarşı müharibə ilə bağlı açıqlamaları KİV-ə sızıb.
The Times yazır ki, diplomatın istefası gözlənilməz olub. Səfirlik əməkdaşlarına bu barədə mayın 19-da elektron poçtla məlumat verilib, lakin qərarın səbəbləri açıqlanmayıb.
Qeyd olunur ki, 2025-ci ilin sentyabrında Böyük Britaniyanın ABŞ-dakı səfiri Piter Mandelson vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Ceyms Rosko təxminən beş ay diplomatik missiyaya rəhbərlik edib.
Rosko ötən il ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfərinin və 2026-cı ilin aprelində Kral III Çarlzın ABŞ-a cavab dövlət səfərinin təşkilində aktiv rol oynayıb.
Nəşrin yazdığına görə, Rosko səfir vəzifəsinə namizədlərdən biri kimi nəzərdən keçirilirdi. Lakin 2025-ci ilin dekabrında bu vəzifəyə karyera diplomatı, Böyük Britaniyanın BMT-dəki keçmiş daimi nümayəndəsi Kristian Terner təyin olunub.

