Böyük Britaniyanın Vaşinqtondakı səfirliyinin əməkdaşları Kral III Çarlzın ABŞ səfəri şərəfinə ənənəvi britaniya təamları ilə zəngin qəbul təşkil ediblər. Bu barədə Daily Star məlumat yayıb.
Məlumata görə, menyuda hamburger və kartof fri kimi fast-food məhsulları yer almayıb. Əvəzində kral üçün daha tanış olan hisə verilmiş qızılbalıqlı, rostbif və xardallı, xiyar və yumurta salatlı ingilis sendviçləri təqdim olunub.
Desert olaraq isə qəbul iştirakçılarına, o cümlədən ABŞ prezidenti Donald Trampa, təzə bişmiş bulkalar, qaymaq və çiyələk mürəbbəsi, Viktoriya biskviti və digər britaniya şirniyyatları verilib.
Bu menyu təsadüfi seçilməyib — qəbul həm kulinariya, həm də diplomatik mesaj daşıyır.
Məlumata görə, Kral III Çarlz səfərin London və Vaşinqton arasında yaranmış gərginliyi azaltmağa kömək edəcəyinə ümid edir. Böyük Britaniya ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasına qoşulmayıb, bu səbəbdən Donald Tramp ölkənin baş naziri Kir Starmeri “o qədər də faydalı deyil” kimi qiymətləndirib.
Buna baxmayaraq, Tramp kral haqqında daha müsbət danışıb:
“Mən onu yaxşı tanıyıram… o, cəsarətli və gözəl insandır.”
O, həmçinin bildirib ki, bu səfər və qəbul iki ölkə arasında münasibətlərin yaxşılaşmasına müsbət təsir göstərə bilər.

