İsrailin Baş naziri Benyamin Netanyahu İranın oğullarından birini öldürməyə cəhd etdiyini iddia edib.
Netanyahu İsrailin “Kanal 14” telekanalına müsahibəsində bildirib ki, Tehran onun övladlarından birini hədəfə alıb. Baş nazir hadisənin detalları və hansı oğlunun hədəf alındığı barədə məlumat verməyib.
Netanyahu deyib:
“Bu, inanılmaz hadisədir. İran oğullarımdan birini hədəfə aldı. İran onu öldürməyə çalışdı”.
Benyamin Netanyahunun üç övladı var – qızı Noa və oğulları Yair və Avner.
Baş nazir bildirib ki, yaranmış vəziyyətlə əlaqədar seçki kampaniyası dövründə özünün və ailə üzvlərinin İsrailin Ümumi Təhlükəsizlik Xidməti – “Şabak” tərəfindən mühafizəsinin gücləndirilməsi barədə qərar qəbul edib.
Netanyahunun sözlərinə görə, əlavə təhlükəsizlik tədbirləri zəruridir. O iddia edib ki, mühafizə tədbirləri olmasaydı, İran sui-qəsd cəhdində uğur qazana bilərdi.

