İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu təhlükəsizliyinə yaranmış ciddi təhdid səbəbindən ABŞ-dan təcili şəkildə İsrailə təxliyə edilib.
Bu barədə The Jerusalem Post məlumat yayıb. Yair Netanyahunun təcili geri qaytarılması faktını İsrailin daxili təhlükəsizlik xidməti “Şin Bet” də təsdiqləyib.
Xüsusi xidmətdən bildirilib ki, vəziyyət qiymətləndirildikdən sonra Yair Netanyahuya zərər yetirilməsi təhlükəsinin ciddi olduğu qənaətinə gəlinib. Bundan sonra onun mühafizə qrupu ilə birlikdə ABŞ-dan İsrailə qaytarılması qərara alınıb.
Məlumata görə, Baş nazirin oğlu ABŞ-ın Florida ştatında yaşayırdı. Onun hansı konkret təhlükə ilə üzləşdiyinə dair əlavə məlumat açıqlanmayıb.
Yair Netanyahunun daha əvvəl də Floridada yaşadığı və “Şin Bet” əməkdaşları tərəfindən mühafizə olunduğu barədə məlumatlar yayılmışdı.

