Vaşinqton İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza ilə bağlı sərt açıqlamalarına baxmayaraq, İsraildən ABŞ-nin tələblərini yerinə yetirməsini gözləyir.
Axios və İsrailin “Channel 12” telekanalının müxbiri Barak Ravidin mənbəyə istinadən yaydığı məlumata görə, Ağ Ev Netanyahunun Sülh Şurasının Qəzza üzrə 15 bəndlik planını rədd etməsi və HƏMAS tərksilah olunmadan İsrail ordusunun geri çəkilməyəcəyini deməsindən narahat deyil.
Mənbənin sözlərinə görə, Vaşinqton bu açıqlamaları 27 oktyabrda keçiriləcək İsrail parlament seçkiləri ilə əlaqələndirir və Netanyahunun daxili siyasi maraqlarını nəzərə alır.
ABŞ rəsmiləri hesab edir ki, əsas məsələ İsrailin Vaşinqtonun tələblərinə, xüsusilə də Qəzzada hücumların məhdudlaşdırılması ilə bağlı çağırışlara əməl etməyə davam etməsidir.

