Pentaqon ABŞ hərbçilərinin COVID-19 peyvəndindən sonra mümkün ölüm halları ilə bağlı araşdırmaya başlayıb. “Politico”nun məlumatına görə, araşdırma hərbi həkim Teresa Lonqun ifadələri əsasında aparılır və təşəbbüs ABŞ səhiyyə naziri Robert Kennedi kiçik və müdafiə naziri Pit Heqsetdən gəlib.
Lonq Virciniya ştatındakı federal məhkəmədə bildirib ki, keçmiş prezident Co Baydenin 2021-ci ildə hərbçilər üçün COVID-19 peyvəndini məcburi etməsindən sonra qeydə alınan ölüm hallarının araşdırılmasına kömək edir.
Onun sözlərinə görə, hazırda VAERS sisteminə daxil edilmiş 2,5 mindən çox təsdiqlənməmiş ölüm məlumatı yoxlanılır. Lonq, həmçinin peyvəndlə əlaqəli olduğu ehtimal edilən 28 ölüm halından şəxsən xəbərdar olduğunu bildirib.
Qeyd edək ki, VAERS peyvənddən sonra baş verən arzuolunmaz hadisələr barədə məlumatların toplandığı sistemdir. Bu sistemə daxil edilən məlumatlar özlüyündə peyvəndin həmin hadisəyə səbəb olduğunu sübut etmir və əlavə araşdırma tələb edir.
ABŞ Silahlı Qüvvələrində məcburi COVID-19 peyvəndlənməsi 2021-ci ildə tətbiq olunmuşdu. Tələb qüvvədə olduğu müddətdə peyvənddən imtina edən minlərlə hərbçi ordudan uzaqlaşdırılmış, daha sonra Konqres bu tələbin ləğvinə qərar vermişdi.

