Fransada anomaliyaya yaxın istilər fonunda iyunun 24-dən etibarən əvvəlki aylarla müqayisədə təxminən minə yaxın əlavə ölüm halı qeydə alınıb. Bu barədə ölkənin Milli İctimai Səhiyyə Agentliyi — ANSP məlumat yayıb.
Qurumun məlumatına görə, aprel və may aylarında Fransada gündəlik ölüm sayı 900–1000 nəfər arasında dəyişirdi. Lakin iyunun 24-dən bu göstərici 1200-ə çatıb, iyunun 25 və 26-da isə 1400-ü keçib.
“İyunun 24-dən etibarən əvvəlki ayların göstəriciləri ilə müqayisədə təxminən min əlavə ölüm halı qeydə alınıb. Məlumatlar hələ yekunlaşdırılmayıb”, — deyə açıqlamada bildirilib.
Artım xüsusilə qırmızı hava təhlükəsi səviyyəsi elan edilən bölgələrdə daha nəzərəçarpandır. Ölüm sayında yüksəliş bütün yaş qruplarında qeydə alınsa da, əlavə ölüm hallarının 85 faizi 65 yaşdan yuxarı şəxslərin payına düşür.
ANSP məlumatların hələ son olmadığını və daha sonra dəqiqləşdiriləcəyini vurğulayıb.

