Niderlandın Baş naziri Rob Yetten argentinalı otüstü hokkey oyunçusu olan nişanlısı Nikolas Kinanla birlikdə ilk övladlarını gözlədiklərini açıqlayıb.
Cütlük surroqat ana və yumurta donorunun köməyi ilə valideyn olacaqlarını bildiriblər. Körpənin 2027-ci ilin yazında dünyaya gələcəyi gözlənilir.
39 yaşlı Baş nazir və 29 yaşlı nişanlısı sevincli xəbəri sosial şəbəkədə paylaşıblar. Onlar əllərində ultrasəs müayinəsinin görüntüsünü tutduqları fotonu yayımlayaraq niderland, ispan və ingilis dillərində mesaj yazıblar.
“Çox xüsusi biri yoldadır. 2027-ci ildə görüşərik, balacamız”, – deyə paylaşımda bildirilib.
Cütlük valideyn olmaq arzularını reallaşdırmağa kömək edən yumurta donoruna və Lisa adlı surroqat anaya təşəkkür edib.
Yettenin rəhbərlik etdiyi Demokratlar 66 (D66) partiyasının açıqlamasına görə, həm surroqat ana, həm də yumurta donoru Niderland vətəndaşıdır və cütlüyün yaxın çevrəsinə daxildir.
Hər iki qadının öz övladları var və onlar bu prosesdə maddi qazanc əldə etmək məqsədi güdməyiblər. Hamiləliyin Niderlandda həyata keçirilən süni mayalanma proseduru nəticəsində baş tutduğu bildirilib.
Surroqat ana Lisa isə yaxın dostlarının valideyn olmaq arzusunu reallaşdırmağa kömək etməkdən xoşbəxt olduğunu deyib.

2026-cı ildə vəzifəyə başlayan Rob Yetten Niderlandın homoseksual olduğunu açıq şəkildə bəyan edən ilk Baş naziridir. Körpəsi dünyaya gəldikdən sonra o, İkinci Dünya müharibəsindən sonra vəzifədə olarkən övlad sahibi olan ilk Niderland hökumət başçısı kimi tarixə düşəcək.
Qeyd edək ki, Rob Yetten və Argentina millisinin otüstü hokkeyçisi Nikolas Kinan 2024-cü ilin noyabrında nişanlanıblar. Cütlük bu il keçirməyi planlaşdırdıqları toy mərasimini Yettenin Baş nazir vəzifəsinə başlamasından sonra təxirə salıb.
Niderlandda kommersiya məqsədli surroqat analıq qadağandır. Lakin müəyyən şərtlərlə, maddi qazanc məqsədi daşımayan surroqat analığa icazə verilir.
Baş nazir surroqat ananın və körpənin səhhətinin yaxşı olduğunu bildirərək prosesdə iştirak edən şəxslərin şəxsi həyatına hörmət göstərilməsini xahiş edib.

