“Mançester Yunayted” və “Bayer” klublarının sabiq baş məşqçisi Erik ten Haq yaxın vaxtlarda Niderland millisinə rəhbərlik etməyəcək.
Bu barədə sport-express.ru məlumat yayıb.
Niderland yığması DÇ-2026-da mübarizəni 1/16 final mərhələsində dayandırıb. Komanda Mərakeşlə qarşılaşmada əsas vaxtı 1:1 hesabı ilə başa vursa da, penaltilər seriyasında 2:3 hesabı ilə uduzub.
Məğlubiyyətdən sonra millinin baş məşqçisi Ronald Kuman istefa verib. 63 yaşlı mütəxəssis qərarını sosial şəbəkə hesabında açıqlayıb.
Erik ten Haq isə Niderland millisindən gələn mümkün təklifə münasibət bildirərək bu vəzifəni qəbul etməyəcəyini deyib:
“Bu iş üçün əlçatan deyiləm. Bu qərarı şüurlu şəkildə vermişəm. Ən azı qarşıdakı iki il ərzində bütün diqqətimi hazırkı layihəmə yönəldəcəyəm”, — deyə ten Haq bildirib.
56 yaşlı mütəxəssis 2026-cı ilin yanvarında “Tvente” klubunun texniki direktoru təyin olunub. O, daha əvvəl “Ayaks”, “Mançester Yunayted” və “Bayer” klublarında baş məşqçi kimi çalışıb.

